Mühasib necə peşədir? (1-ci hissə)
Peşənin təsviri, müsbət və mənfi tərəfləri
Mühasib – bu, tələb olunan peşədir. Nə qədər zaman keçsə də, dünya nə qədər dəyişsə də, iqtisadi münasibətlər mövcud olduqca, mühasiblərə də ehtiyac duyulucaq. Şübhəsiz ki, bu peşənin üstünlükləri olduğu kimi çatışmazlıqları da yox deyil. Gəlin bütün bunlar haqqında, eləcə də mühasib peşəsinə necə yiyələnmək barədə danışaq.
Mühasib kimdir?
Heç bir məüssisə, həm kommersiya, həm də dövlət (hətta ictimai təşkilatlar) şirkətləri mühasibsiz fəaliyyət göstərə bilməz. Mühasib peşəsi özlüyündə nədir?
Mühasibat xidmətinin vəzifələrinə maddi dəyərlərin uçotunun aparılması, əmək haqqının hesablanması, vergi uçotunun aparılması, vergi ödənişlərinin və büdcədənkənar fondlara ödənişlərin hesablanması və ödənilməsi, hesabatların nəzarətedici orqanlara verilməsi daxildir. Baş mühasiblər müəssisə üçün uçot siyasətini, daxili hesabat formasını işləyib hazırlayır, mühasibat xidmətinin işinə rəhbərlik edirlər.
Çox vaxt əlavə olaraq, idarəetmə uçotunun və ya beynəlxalq standartlar üzrə uçotun aparılması da bu peşə sahəsində çalışan insanların üzərinə düşür. Əgər müəssisədə uçotun aparılmasına son qoyulsa, fəaliyyət çox tezliklə iflic olacaq. Alıcıların və ya təchizatçıların borcları barədə heç bir məlumat olmayacaq, sahibkarlar işin mənfəət və ya zərər gətirdiyini bilməyəcək. Buna görə mühasiblərin işi böyük məsuliyyət ilə əlaqələndirilir.
İşin üstünlükləri
Mühasib peşəsinin üstünlükləri yalnız tələbatlılığı ilə bağlı deyil. Özünüz baxın:
• Çox vaxt mühasiblər ofislərdə çalışır, lakin, belə bir işi məsafədən yerinə yetirməyə də heç nə mane olmur – uçot işini evdən də apara və özün də maaşına sərbəst şəkildə təsir göstərə bilərsən;
• Karyera yüksəlişinin perspektivləri: ən adi vəzifədən – mühasib köməkçisindən başlayıb – iri bir müəssisənin baş mühasibi və ya maliyyə direktoru vəzifəsinə kimi irəliləyə bilərsən;
• Bu peşə üçün yaş həddi deyil, daha çox təcrübə dəyər daşıyır, o səbəbdən pensiya yaşına çatdıqdan sonra belə, işsiz qalmaq təhlükəsi ilə üzləşmirsən;
• Kadrlara həmişə yüksək tələbat duyulur, iş tapmaq nəinki böyük bir şəhərdə asandır – kiçik yaşayış məntəqələrində də mühasiblər lazımdır.
• Öz sahəndə təkmilləşmək zəruridir, belə ki, qanunvericlikdə daim dəyişikliklər edilir;
• Arzu etdikdə yaxın peşələrə keçmək imkanı: auditor, iqtisadçı, maliyyəçi, vergi xidməti mütəxəssisi;
• Təcrübə və əlavə bacarıqlar (məsələn, xarici dil biliyi) əldə etmək hesabına artan yaxşı maaş;
• Əlavə qazanc imkanları (bir neçə kiçik müəssisə üçün hesabatların hazırlanması).
Tarix : 24.09.2021
Baxışların sayı: 16322